CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 25-ci iclasında iştirak edib
Bakı, 18 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının onlayn keçirilən 25-ci iclasında iştirak edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Vüsal Hüseynov iclasın gündəliyinə uyğun olaraq, 2020-ci ildə ölkəmizdə miqrasiya prosesləri və COVID-19 pandemiyası dövründə bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, 2020-ci ilin əvvəlində Azərbaycan Respublikasına gələnlərin sayında artım müşahidə olunsa da, sonradan pandemiya ilə əlaqədar həmin göstərici azalıb. Pandemiyanın ilk günlərindən Azərbaycanın miqrasiya siyasətini əcnəbilərin maksimum rahatlığı, inzibati prosedurların minimuma endirilməsi və elektronlaşmanın geniş təşviqi üzərində qurduğunu deyən Vüsal Hüseynov Azərbaycan, ingilis və rus dillərində 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 - Çağrı Mərkəzi haqqında da məlumat verib. Xidmət rəisi pandemiya dövründə qaçqınlar da daxil olmaqla, həssas qrupa aid miqrantlara xüsusi diqqət yetirildiyini, həmçinin əcnəbilərin məcburi qaydada ölkə hüdudlarından kənara çıxarılmasının və saxlama mərkəzlərinə yerləşdirilməsinin dayandırıldığını deyib, aparılan maarifləndirmə tədbirlərindən danışıb.
Sonra DMX-nin beynəlxalq əlaqələrindən söz açan V.Hüseynov xüsusilə ölkələr arasında daha sıx işgüzar əlaqələrin qurulmasının önəmini vurğulayıb. Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Regional Təlim Mərkəzi təşəbbüsü barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Xidmət rəisi 2020-ci ildə Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulduğunu da xatırladıb. Bildirilib ki, ötən il noyabrın 10-da qəbul olunan üçtərəfli bəyanat təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaradıb.
Daha sonra DMX-in Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinin fəaliyyətinin təşkili təcrübəsi barədə məlumat verib.
MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 25-ci iclasında gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparılıb.