CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Mersində keçirilən bayram mərasimində iştirak edib

Mersin, 1 noyabr, AZƏRTAC 

Azərbaycanı təmsil edən geniş tərkibli nümayəndə heyəti Türkiyə Respublikasının yaradılmasının 95-ci ildönümü ilə bağlı Mersində keçirilən bayram mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Bakının Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai bələdiyyəsinin sədr əvəzi Əliyar Əliyev və rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elvin Süleymanlı daxildirlər.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti Tarsusdakı Heydər Əliyev Parkında olublar. Ulu öndər Heydər Əliyevin burada ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb. Əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Azərbaycan nümayəndə heyəti Mersin vilayətinin başçısı Əli İhsan Su ilə görüşüb. Cümhuriyyət günü münasibətilə Azərbaycan tərəfinin səmimi təbrikləri mehribanlıqla qarşılanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Park Mersinin Tarsus rayonu ilə Bakının Xətai rayonu arasındakı 2007-ci ildən başlayan sıx əməkdaşlıq əlaqələri nəticəsində yaradılıb. Ulu Öndərimizin adının əbədiləşdirilməsi istiqamətində gerçəkləşdirilən bu layihə Azərbaycan xalqına göstərilən ehtiram kimi dəyərləndirilib.

Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamazla görüşdə Azərbaycanda müxtəlif sahələrdə əldə olunan uğurlar haqqında məlumat verilib, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi, regionların sosial-iqtisadi inkişafı qeyd olunub. Diqqətə çatdırılıb ki, xalqımızın xilaskar oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət” və ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə yaddaşlara həkk olan bu qardaşlıq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində uğurla davam etdirilir. Qeyd olunub ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çərçivəsində görüşləri qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Sonra Azərbaycan nümayəndə heyəti Tarsus bələdiyyəsinin sədri Şövkət Canla görüşüb. “Qardaşlaşmış şəhərlər” formatı çərçivəsində Tarsusla Xətai rayonu arasındakı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar paytaxtımızda təşkil olunan hərbi paradda, eləcə də İzmir şəhərindəki “STAR” neftayırma zavodunun açılışında birgə iştirak etmələri, o cümlədən az əvvəl Kayseridə Xocalı parkının və soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı, Türkiyə nümayəndə heyətlərinin Cocuq Mərcanlı kəndinə səfərləri və s. məsələlərdən bəhs olunub.

Sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə təşkil edilən bayram tədbirlərində iştirak ediblər.

Tədbirlərdə yerli folklor qruplarının çıxışları, müxtəlif müəssisələri təmsil edən qrupların keçidi böyük maraqla izlənilib. Bayram tədbirləri çərçivəsində Türkiyədə ən populyar idman növlərindən biri olan yağlı güləş yarışı keçirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Mersin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.