İDMAN


Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edəcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 11-19-da Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev iştirak edəcəklər.

Assambleya çərçivəsində ANOC-un Audit və maliyyə, Marketinq, Atletlər, Beynəlxalq əlaqələr və Tibbi komissiyalarının iclasları keçiriləcək, məruzələri dinləniləcək. Həmçinin Gənclər komissiyasının və ANOC-un İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlər sırasındadır.

Sonda Olimpiya Həmrəyliyi Komissiyasının iclası keçiriləcək.

Eyni zamanda, Dohada birinci Dünya Çimərlik Oyunları da təşkil olunacaq. Azərbaycan bu Oyunlarda 7 idmançı ilə təmsil olunacaq. Belə ki, çimərlik güləşi yarışlarında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar. Akvatlon yarışlarında millimizin üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya çıxış edəcəklər. Karateçimiz Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.

Dörd məkanda təşkil olunacaq turnirdə atletlər 13 idman növündə 350 dəst medal uğrunda yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.