İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Tallinndə keçirilən “e-İdarəçilik” üzrə beynəlxalq konfransda iştirak edəcək
Bakı, 5 may, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 12-13-də Tallinndə keçiriləcək “e-İdarəçilik” üzrə beynəlxalq konfransda iştirak edəcək. “E-hökumət” quruculuğuna həsr olunan konfransa elektron idarəetmə sahəsində dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri qatılacaqlar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, konfrans Estoniyada keçirilən “İKT həftəsi” çərçivəsində təşkil olunacaq. Həftənin tədbirləri mayın 11-də “Dövlət idarəçiliyi islahatları” seminarı ilə başlayacaq.
Beynəlxalq konfransda elektron idarəetmə strategiyasının planlaşdırılması, Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrində elektron idarəetmənin 15 illik təcrübəsi, mərkəzi elektron idarəçilikdə koordinasiya və əlaqələr, kibertəhlükəsizlik və elektron idarəçilik kimi mövzular müzakirə olunacaq.
Konfransda E.Vəlizadənin çıxışı, həmçinin Azərbaycanda “e-hökumət”in formalaşdırılması təcrübəsi haqqında təqdimatın edilməsi planlaşdırılır.