SİYASƏT


Azərbaycan nümayəndə heyəti UNESCO-nun Hökumətlərarası Komitəsinin sessiyasında iştirak edir

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası öz işinə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 1-dək davam edəcək sessiyanın iclasında Komitənin qarşısında duran cari məsələlərin, gələcək fəaliyyətin, eyni zamanda, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahılarına daxil edilməsi nəzərdə tutulan nominasiyaların müzakirəsi və milli hesabatların qəbul edilməsi nəzərdə tutulub. Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edir.

Sessiyanın açılışında çıxış edən R.Həsənov cari ilin iyun ayında Azərbaycanın sözügedən komitənin üzvü seçildiyini qeyd edərək seçkilər zamanı ölkəmizə dəstək verən üzv ölkələrə təşəkkürünü bildirib. R.Həsənov deyib ki, Azərbaycan 2008-2014-cü illərdə sözügedən komitənin üzvü olub və 2013-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi edib. Nazir müavini universal mədəni dəyərlərin qorunmasına daim səy göstərən Azərbaycanın 2003-cü il Konvensiyasının səmərəli həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və bu sahədə verdiyi töhfələrinə görə üzv ölkələrə, ekspertlərə və UNESCO Katibliyinə öz təşəkkürünü bildirib.

UNESCO-Azərbaycan münasibətlərindən danışan R.Həsənov, bu əlaqələrin inkişaf etdirilməsində, daha intensiv və dinamik səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəyərli xidmətlərini vurğulayıb. Mehriban xanım Əliyevanın yorulmaz səyləri nəticəsində, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer aldığını diqqətə çatdırıb.

Sonda nümayəndə heyətinin rəhbəri Azərbaycanın 2018-2022-ci il Komitə üzvlüyü dövründə qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın daha da səmərəli həyata keçirilməsində üzv ölkələrlə konstruktiv əməkdaşlıq və tərəfdaşlıq şəklində öz zəngin təcrübəsini paylaşmaq səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd olunmalıdır ki, iclas zamanı Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim olunmuş “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün Komitəyə təqdim edilmiş Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya və “Çövkən – ənənəvi Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabatımızın müzakirəsi nəzərdə tutulub.

Sözügedən nominasiya sənədləri və milli hesabat Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.