MƏDƏNİYYƏT


Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Bakı, 15 noyabr, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizi Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış mərasimində Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets çıxış edib. Vurğulayıb ki, builki tədbir bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqlənir. İştirakçıların sayı 35 min nəfəri ötüb və 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda 350-dən çox tədbir keçiriləcək. Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək Forumun əhəmiyyətindən, şəhərin tarixi-mədəni irsindən söz açıblar. Qeyd edilib ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcək.

Daha sonra Çin Xalq Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə və Slavyan Mədəniyyətləri Fondu nümayəndələrinin çıxışları dinlənilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti həmin gün Forumun əsas mövzusuna həsr olunmuş “Qloballaşma şəraitində mədəni kodlar” adlı plenar iclasda iştirak edib.

Forum çərçivəsində Sevda Məmmədəliyeva Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə mədəni əlaqələrin inkişafından, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərdən, habelə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “iştirakçı ölkə” statusunda maraqlı proqram təqdim edəcəyi barədə söhbət açılıb.

İlk günün sonunda Sevda Məmmədəliyeva Sankt-Peterburq Etnoqrafiya Muzeyində Rusiya Mədəniyyət naziri Vladimir Medinskinin Forumun xarici nümayəndə heyətləri ilə görüşündə iştirak edib. Qeyd olunan tədbirlərdə Azərbaycan nümayəndə heyətini ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.