ELM VƏ TƏHSİL
Azərbaycan nümayəndə heyəti “WorldSkills International” təşkilatının ümumi yığıncağında iştirak edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti “WorldSkills International” təşkilatının ümumi yığıncağında iştirak edib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ümumi yığıncağın birinci sessiyasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov Azərbaycanın “WorldSkills International” təşkilatına üzv olduğu tarixdən bu günə qədər keçdiyi fəaliyyət yoluna dair təqdimat edib. Tədbir zamanı keçən ilin hesabatlarına nəzər salınıb və növbəti il üçün Çinin Şanxay şəhərində keçiriləcək yarışla əlaqəli yeniliklər müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti “WorldSkills International” təşkilatının önəmli tədbirləri sırasında yer alan Müsabiqə Komitəsi və Strateji Komitənin iclaslarında da iştirak edib.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. Növbəti yarışlar 2022-ci ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək. Azərbaycanın sözügedən yarışlarda iştirakı nəzərdə tutulur.