CƏMİYYƏT
Azərbaycan nümayəndələri Litvada ənənəvi qaçış günündə iştirak ediblər
Vilnüs, 17 yanvar, AZƏRTAC
Vilnüsdə Litvanın SSRİ-nin tərkibindən çıxmasının 28-ci ildönümünə həsr olunmuş ənənəvi qaçış günü keçirilib. Qaçışda Litva Xarici İşlər Nazirliyinin və xarici dövlətlərin bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Estoniya, Yaponiya, ABŞ, Moldova və Gürcüstanın Litvadakı səfirliklərinin nümayəndələri də litvalı həmkarları ilə birlikdə qaçış xəttinə çıxıblar. Yarışın başlanmasından əvvəl isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus diplomatlarla birgə Antakalnis məzarlığında ölkənin müstəqilliyi uğrunda həlak olanların məzarları üzərinə tər çiçəklər qoyublar.
Hər ilin yanvar ayında keçirilən “Həyat və ölüm yolu” adlanan qaçış günü ilk dəfə 1992-ci ildə təşkil olunub və 13 yanvar hadisələrinə həsr edilib. Doqquz kilometrlik tras 13 yanvar hadisələri qurbanlarının dəfn edildiyi Antakalnis məzarlığından başlayır və teleqüllənin yanında başa çatır. Qaçış Litva Həvəskar Qaçışçılar Assosiasiyası, Milli Müdafiə Nazirliyi və Litva Silahlı Qüvvələri tərəfindən təşkil olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs