CƏMİYYƏT


Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin rəhbərliyinə seçilib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, o cümlədən Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının (ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında) icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) işində yaxından iştirak edilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qırx ildir fəaliyyət göstərən, Avropa Şurasının bütün 47 üzv dövlətinin, eyni zamanda, müşahidəçi olan ABŞ, Meksika, Çili, İsrail, Koreyanın və beynəlxalq təşkilatların ekspertlərinin bir araya gəldiyi Ekspertlər Komitəsi cinayət işlərində əməkdaşlıq məsələlərini tənzimləyir, təcrübə mübadiləsi aparır, Avropa konvensiyalarının tətbiqi zamanı rast gəlinən praktiki problemlərin həllinə və yeni tendensiyalara dair standartlar işləyib hazırlayır və onları qəbul etmək üçün Nazirlər Komitəsinə təqdim edir.

Azərbaycan Ekspertlər Komitəsində fəal təmsil olunaraq bu sahədə səlahiyyətli orqan olan Ədliyyə Nazirliyinin nümayəndəsi Komitənin üzvü kimi onun işinin təkmilləşdirilməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə dair təşəbbüslər irəli sürür, Komitənin tədbirlərində məruzəçi qismində çıxışlar edir, qurum tərəfindən sənədlərin hazırlanması, həmçinin onların bəzilərinin Azərbaycan dilinə tərcümə olunmasında, eləcə də işçi qruplarda yaxından iştirak edir.

Ekspertlər Komitəsinin bu günlərdə Strasburqda hibrid formatda keçirilmiş 80-ci plenar iclasında Avropa konvensiyalarının və Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə yeniliklər, Avropa İttifaqı Prokurorluq Ofisi (EPPO) ilə əməkdaşlıq və digər məsələlər müzakirə edilib, Komitənin Azərbaycandan olan üzvü, Ədliyyə Nazirliyinin məsul əməkdaşı Adil Əbilov tərəfindən irəli sürülən aidiyyəti təkliflər qəbul olunub. Eyni zamanda, Böyük Britaniya, ABŞ və Almaniya nümayəndələri ilə görüşlər keçirilərək ekstradisiya və hüquqi yardımla bağlı konkret işlər üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində PC-OC-un rəhbərliyinə yeni seçkilər keçirilib. Komitənin sədri vəzifəsinə 10 ildən çox qurumun rəhbərliyində təmsil olunan Portuqaliyanın nümayəndəsi seçilib. Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi A.Əbilov isə Ekspertlər Komitəsinin sədr müavini vəzifəsinə seçilib.

Respublikamızın belə mühüm qurumun rəhbərliyində təmsil olunması dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha bir əyani təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.