REGİONLAR
Azərbaycan nümayəndəsi Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının yeni mənzil-qərargahında olub VİDEO
Dijon, 11 sentyabr, AZƏRTAC
Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) yeni mənzil-qərargahı qurumun üzv dövlətlərinin Fransadakı səfir və diplomatlarına təqdim edilib.
AZƏRTAC xəbər verir ki, OİV-yə 48 üzv dövlətin Fransadakı səfirləri və diplomatları qurumun mənzil-qərargahı üçün təklif olunan yeni bina ilə tanış olublar. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və səfirliyin diplomatı Suliddin Məmmədov da diplomatik korpusun nümayəndələri arasında olub.
1924-cü ildə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) əsası qoyularkən qurumun mənzil-qərargahının Parisdə bina ilə təmin ediləcəyi vəd olunsa da, gerçəkləşməyib. Cari ilin iyulun 12-də quruma üzv olan 48 dövlətə təşkilatın mənzil-qərargahının Dijonda yerləşməsi təklif edilib. Bu səbəbdən OİV-yə üzv dövlətlərin Fransadakı diplomatları üçün yeni bina ilə tanışlıq səfəri təşkil olunub, qurumun mənzil-qərargahı üçün təklif edilən bina haqqında məlumat verilib.
OİV-nin cari ilin oktyabrında keçiriləcək Baş Assambleyasında qurumun mənzil-qərargahının yeni binaya köçürülməsi ilə bağlı son qərar qəbul ediləcək. Üzv dövlətlər razı olarsa, OİV-nin yeni mənzil-qərargahı Dijon şəhərində yerləşən, 1641-1643-cü illərdə tikilmiş “Hotel Bouchu d'Esterno” binasına köçürüləcək və 2024-cü ildə qurumun 100 illik yubileyi Dijonda qeyd olunacaq.
Xatırladaq ki, 2013-cü ildən OİV-nin üzvü olan Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib və bu sahənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün Dövlət Proqramı hazırlanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Dijon