CƏMİYYƏT
Azərbaycan ombudsmanı İtaliya Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri ilə görüşüb
Roma, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri Piero Fassino ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ombudsman görüşdə təsisatın fəaliyyət istiqamətləri, habelə COVID-19 pandemiyası dövründə həssas əhali qruplarının hüquqlarının müdafiəsi və müraciət imkanlarının genişləndirilməsi məqsədilə görülən işlər barədə danışıb.
S.Əliyeva Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını, bu səbəbdən bir milyona yaxın soydaşımızın fundamental hüquqlarının kobudcasına pozulduğunu vurğulayıb.
Görüş zamanı qeyd edilib ki, 44 günlük müharibə nəticəsində işğal altındakı torpaqlarımız azad olunsa da, dəqiq mina xəritələrinin verilməməsi həmin ərazilərə sürətli qayıdışın qarşısını alır. Ombudsman minaların yaratdığı təhlükə ilə bağlı hesabatını sədrə təqdim edərək mina partlayışlarının çoxsaylı tələfat və yaralanma hallarına səbəb olduğunu, qurbanlar arasında jurnalistlər, yenidənqurma işlərində çalışan şəxslərin də olduğunu bildirib.
Ombudsman Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tələblərini pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdığını da diqqətə çatdırıb.
Daha sonra S.Əliyeva müharibə və postmüharibə dövründə beynəlxalq ictimaiyyətə ünvanladığı hesabatlar, Azərbaycandakı erməni hərbi əsirlər və saxlanılmış hərbi dəstə üzvlərinə baş çəkmələri barədə məlumat verib.
P.Fassino Azərbaycan ombudsmanının pandemiya dövründəki fəaliyyətini, erməni hərbçilərə baş çəkmələrini müsbət qiymətləndirdiyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün dialoqun vacibliyini qeyd edib.
Ombudsman səfər çərçivəsində İtaliya Respublikası Senatının prezidenti Maria Elisabetta Alberti Kasellati ilə də görüşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma