Azərbaycan ombudsmanı Macarıstanda keçirdiyi görüşlərdə Milli Preventiv Mexanizmin fəaliyyətindən danışıb
AzerTAg.az

Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Macarıstanda işgüzar səfərdədir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səbinə Əliyeva səfərin ilk günü Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti Tamas Sulyokla görüşüb. Görüş zamanı ombudsman ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlıq əlaqələri, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsinə göndərilən sorğularla bağlı ətraflı məlumat verib.
Görüşdə Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti Tamas Sulyok Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Macarıstanın Penitensiar Xidmətinin baş direktoru Tamas Tos Azərbaycan ombudsmanı ilə görüşündə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin, eyni zamanda, burada çalışanların hüquqlarının təmini sahəsində görülən işlər barədə məlumat verib. T.Tos, həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilər və onların hüquqi vəziyyətindən danışıb. Mövzu ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb.
Ölkəmizdə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən işlər haqqında geniş məlumat verən Səbinə Əliyeva bu sahədə Azərbaycanda həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və təsisatın müsbət təcrübələrini bölüşüb. Bildirib ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə hər il 200-dən çox başçəkmə həyata keçirilib. O, başçəkmələrin penitensiar müəssisələr ilə yanaşı, polis müvəqqəti saxlama yerlərini, psixiatriya müəssisələrini, təhsil və sosial xidmət müəssisələrini, uşaq evlərini, qanunsuz miqrantların saxlanma mərkəzlərini əhatə etdiyini diqqətə çatdırıb.
Ombudsmanın müraciətləri də nəzərə alınaraq qadın məhkumlar üçün yeni, müasir standartlara cavab verən müəssisələrinin inşa edildiyi, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin ailələri ilə videoəlaqə yaratmaları üçün şərait yaradıldığı bildirilib.
Səbinə Əliyeva cari ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 801 məhkumun əfv olunduğunu, onlardan 59-nun ombudsmanın vəsatətləri əsasında əfv edildiyini diqqətə çatdırıb.
Sonra Macarıstan ombudsmanının Debretsen şəhərindəki Regional Mərkəzində olan Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə mərkəzin fəaliyyəti haqqında məlumat verilib.
Səfər çərçivəsində Səbinə Əliyeva Macarıstanın dövlət sərhəd-keçid məntəqəsində Macarıstan ombudsmanının həyata keçirdiyi fəaliyyət və orada uşaqlar üçün yaradılan şəraitlə də yaxından tanış olub.
Azərbaycan ombudsmanı Macarıstan parlamentinin üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki ilə də görüşüb və fikir mübadiləsi aparılıb.
Xəbərin mətnində orfoqrafik səhv var