CƏMİYYƏT
Azərbaycan ombudsmanı Türkiyənin ədliyyə naziri ilə görüşüb
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu ölkənin ədliyyə naziri Abdulhamit Güllə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abdulhamit Gül ölkələrimiz arasında dostluq və qardaşlığa söykənən münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini, insan hüquqlarının müdafiəsi istiqamətində əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayıb.
Ombudsman Səbinə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın mahiyyəti və əhəmiyyətindən danışıb.
Azərbaycan ombudsmanı 2021-ci il martın 18-də Azərbaycan Prezidenti tərəfindən humanizm prinsiplərinə əsaslanaraq imzalanan əfv Sərəncamının 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə etdiyini bildirib. Qeyd olunub ki, həmin əfv Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub. Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə müvəkkilin vəsatətləri üzrə 774 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayanların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin və digərlərinin əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.
Görüşdə tərəflər gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirə aparıblar.