CƏMİYYƏT


Azərbaycan ombudsmanının nümayəndəsi Milli İnsan Hüquqları Təsisatlarının beynəlxalq konfransında iştirak edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Mərakeş Krallığının Mərrakeş şəhərində Milli İnsan Hüquqları təsisatlarının 13-cü beynəlxalq konfransı təşkil edilib. Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) və Milli İnsan Hüquqları Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin genişləndirilməsi və qadın hüquqları kontekstində insan hüquq müdafiəçilərinin dəstəklənməsi və müdafiəsində Milli İnsan Hüquqları təsisatlarının rolu” mövzusunda keçirilib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından bildirilib.

Konfransın sessiyalarına BMT qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin ombudsmanları, Milli İnsan Hüquqları təsisatlarının və onları birləşdirən təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər qatılıb və məruzələrlə çıxış ediblər. Beynəlxalq konfransda Azərbaycanı Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil edib.

Milli siyasət və insan hüquqları, insan hüquqları sahəsində məlumatlandırma və müsbət təcrübənin təşviqi, vətəndaş cəmiyyəti və insan hüquq müdafiəçilərinin qorunması, gender perspektivi və qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini, tərəfdaşlıq və əməkdaşlıq kimi sahələrdə milli insan hüquqları təsisatlarının rolu sessiya və seminarların əsas müzakirə mövzularından olub.

Sessiyalar çərçivəsində keçirilən seminarlarda vətəndaş cəmiyyəti və insan hüquq müdafiəçilərinin qorunması, gender perspektivi, hüquqi maarifləndirmə ölkələrə tövsiyə olunan prioritetlər içərisində xüsusi yer alıb. R.Rumzadə mövzular üzrə Azərbaycan ombudsmanının təcrübəsini bölüşüb, habelə yeni hədəflər üzrə fikir mübadilələri aparılıb.

Qeyd olunub ki, Azərbaycan ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə İnsan Hüquqları üzrə Müvəkkil yanında müxtəlif qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin, hüquq müdafiəçilərinin təmsil olunduğu, ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquqi sənədlərin implementasiyası üzrə təkliflər hazırlanmasına mühüm töhfə verən müstəqil ekspertlər şurası fəaliyyət göstərir. Bu yanaşma özü ölkə təcrübəsində ilk olub və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsinə, dövlət qurumları yanında vətəndaş cəmiyyəti üzvlərindən ibarət ictimai şuraların yaradılmasına, hüquqi bazanın, ictimai iştirakçılıq haqqında qanunvericiliyin yaradılmasına mühüm töhfə verib.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutu olaraq Paris Prinsipləri əsasında qurulmuş müstəqil bir qurumdur və müvəkkil mandatı çərçivəsində insan hüquqlarının müdafiəsində, vətəndaş mühitinin qorunmasında, insan hüquqlarının və qanunun aliliyinin təşviq edilməsində, vətəndaş cəmiyyətinin dəstəklənməsində bütün imkanlarından istifadə edir və əməkdaşlığa hər zaman açıqdır.

Ombudsman E.Süleymanovanın təşəbbüsü ilə BMT-nin insan hüquqları üzrə ali komissarının “İnsan hüquqlarının müdafiəsinə qalx!” (#StandUpForHumanRights) çağırışı üzrə ümumdünya kampaniyası çərçivəsində ölkədə həyata keçirilən tədbirlər isə beynəlxalq təşkilatlar tərəfindən verilmiş bir sıra tövsiyələrin icrası baxımından da əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin, habelə Avropa, Asiya, Amerika regionlarında fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri ilə fikir mübadilələri aparılıb, insan hüquqlarının prioritet məsələləri üzrə əməkdaşlıq müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.