CƏMİYYƏT
Azərbaycan onkoloqları Kanadada nüfuzlu beynəlxalq mükafata layiq görülüblər
Bakı, 7 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsi bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən uzunmüddətli inkişaf strategiyası yeni-yeni nailiyyətlərin əldə olunmasına yol açıb. Bu gün ölkəmizin vətəndaşları müayinə və müalicə üçün xarici ölkələrə deyil, respublikamızın səhiyyə müəssisələrinə üz tuturlar. İnsanların böyük etimadını qazanan, ümid yerinə çevrilən, akademik Cəmil Əliyevin rəhbərliyi altında öz fəaliyyətini uğurla davam etdirən Milli Onkologiya Mərkəzi isə bu məsələdə ön sırada yer alır.
Kanadanın Vankuver şəhərində ABŞ Nüvə Təbabəti Cəmiyyətinin illik beynəlxalq konfransı keçirilib. Dünyanın 100-dən artıq ölkəsindən iştirakçıların qatıldığı həmin tədbirdə Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Fuad Novruzovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Azərbaycanlı onkoloqlar süd vəzi və prostat vəzi xərçənginin diaqnostika və müalicəsinə aid elmi işlərlə tədbirin əsas sessiyasında məruzə ilə çıxış ediblər. Sevindirici haldır ki, süd vəzi xərçənginin müalicə taktikasına əsaslanan elmi iş tədbirin “Ən Yaxşı Beynəlxalq Elmi İş" (International Best Abstract Award) mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Milli Onkologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2016-cı ildən Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyətə başlayan Nüvə Təbabəti bölməsi onkoloji, kardioloji və endokrinoloji xəstəliklərin diaqnostika və müalicəsi sahəsində bir sıra yeniliklərə və nailiyyətlərə imza atıb. Bu gün bölmə öz fəaliyyətini uğurla davam etdirir. Mərkəz əhaliyə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi ilə yanaşı, dünyanın bir sıra nüfuzlu elmi-tədqiqat müəssisələri ilə uğurla əməkdaşlıq edir.
Beynəlxalq tədbirlərdə səhiyyə sahəsində qazanılan elmi nailiyyətlər ölkəmizdə aparılan uğurlu səhiyyə islahatlarının bariz nümunəsidir.