MƏDƏNİYYƏT
Azərbaycan oteli Gürcüstanın turizm sahəsindəki təşəbbüsünü dəstəkləməyə hazırdır
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın xarici turistlərə Gürcüstana və Azərbaycana ümumi turpaketin təqdim edilməsinə dair təkliflərinə münasibət bildirən “The Grand Hotel Europe” otelinin baş meneceri Tolqa Akkaş demişdir.
Baş menecer əlavə etmişdir ki, “The Grand Hotel Europe” ümumi turpaket çərçivəsində Azərbaycana və Gürcüstana səyahət etmək istəyən xarici qonaqlar üçün xüsusi şərtləri təklif etməyə hazırdır. T.Akkaş demişdir: “Otelimizin imkanları turistlərin istirahətini kompleks şəkildə təşkil etməyimizə imkan verir, çünki çox rahat yerdə yerləşirik və bütün növ servis xidmətləri göstəririk. Bununla belə, qiymətlərimiz Bakıda mövcud olan analoji təkliflərin qiymətlərindən nəzərəçarpan dərəcədə fərqlənir ki, bu da turpaketlər üçün qiymətlərin formalaşdırılması üçün çox əhəmiyyətlidir”.
Xatırladaq ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə xarici turistlər üçün ölkələrimizə ümumi turpaketlərin təqdim edilməsini təklif etmişdir. V.Kobaliya bəyan etmişdir ki, ümumi turpaketlər çərçivəsində xarici turistlər bir paket çərçivəsində iki həftəlik istirahətin pulunu ödəməklə həm Gürcüstanda, həm də Azərbaycanda istirahət etmək imkanını əldə etmiş olarlar.