İDMAN
Azərbaycan oxatanı “Rio-2016”da gücünü sınayıb
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də kamandan oxatma yarışı ilə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Olimpiadanın birinci günündə Azərbaycan idmançılarından Olqa Senyuk mübarizəyə qoşulub. Təmsilçimiz qadınlar arasında kamandan oxatma yarışında şəxsi mübarizədə gücünü sınayıb. Bu mübarizədə üç qrupda 60 idmançı yarışıb. O.Senyuk “B” qrupunda 19-cu olaraq mübarizəyə qoşulub. İdmançımız birinci hissədə 311, İkinci yarıda isə 312 xallıq nəticə göstərib. O, yekunda 623 xal toplayaraq 37-ci sırada qərarlaşıb. O.Senyuk mübarizəni avqustun 9-da 1/32 finalda davam etdirəcək. İdmançımız həmin mərhələdə Çin təmsilçisi Hui Cao ilə qarşılaşacaq.
Qeyd edək ki, qadınlar arasında kamandan oxatma yarışı üzrə fərdi mübarizənin birinci günündə ilk üç yeri Koreya Respublikasının idmançıları tutublar. Misun Çoy 669, Hyecin Çanq 666, Bobae Ki 663 xal toplayıblar.