SİYASƏT


Azərbaycan öz hədəflərinə doğru uğurla addımlayır

Bakı, 26 oktyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatları, Azərbaycan və Ermənistan tərəfindən birgə yayımlanan bəyanata əsasən, oktyabrın 26-da qüvvəyə minən 3-cü humanitar atəşkəs imzalanıb. Qeyd olunur ki, tərəflər oktyabrın 10-da Moskvada razılaşdırılmış humanitar atəşkəsin yerinə yetirilməsinə və riayət edilməsinə bağlılıqlarını təsdiqləyirlər. Yayımlanan atəşkəs bəyanatının ardından Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən ortaq bəyanat verilib. Bəyanata əsasən, oktyabrın 29-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə birgə Cenevrə şəhərində görüşü keçiriləcək. Azərbaycanın diplomatik istiqamətdə olan qətiyyətli mövqeyi, hərb meydanında ardıcıl qazandığı nailiyyətlər Ermənistanı daim yayındığı danışıqlar masasında əyləşməyə məcbur edir. Həmçinin bir müddət əvvəl öz çıxışlarında münaqişənin həllində diplomatik yolun olmamasını dilə gətirən Ermənistanın baş naziri Nikol Paşinyan da artıq başa düşməlidir ki, həmsədrlərin iştirakı ilə keçiriləcək görüş artıq qaçınılmazdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Status-kvo deyilən məsələ yoxdur - Minsk qrupu artıq konkret addımlar atmalıdır

Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun bitməsi ilə artıq Ermənistanın gözləntilərinə də son qoyulub. Sentyabrın 27-də hərbi münaqişənin başlanılması artıq Ermənistan tərəfindən daim saxlanılması istənilən status-kvonu aradan götürdü. Bu da öz növbəsində ona gətirib çıxarır ki, qarşı tərəf və münaqişənin həllində etinadsız mövqe göstərənlər artıq daha konkret və birdəfəlik addımlar atmalıdır. Xatırladaq ki, oktyabrın 8-də Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü keçirilib və bu görüşdə Ermənistan tərəfinin nümayəndəsi iştirak etməyib. Amma münaqişənin gedişatı bir daha göstərir ki, Ermənistanın Xarici işlər naziri oktyabrın 29-da keçiriləcək görüşdə mütləq formada iştirak etmək məcburiyyəti qarşısında qalacaq. Artıq qarşı tərəf anlamalıdır ki, illərdir yayındıqları danışıqlar hərbi meydanda davam edə bilər. Prezident İlham Əliyev də öz çıxışında qətiyyətli formada bunu bildirib ki, “Status-kvo deyilən məsələ yoxdur. Qurtardı getdi. Status-kvo belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax orda, döyüş meydanında.”. Minsk qrupunun münaqişənin həllində olan etinadsızlığı, status-kvonun ortaya çıxmasına və Ermənistan tərəfindən daim bunun bəhanə olaraq istifadə edilməsinə gətirib çıxarmışdı. Münaqişə meydanında status-kvonun olmadığı bildirildi və bundan irəli gələrək deyə bilərik ki, Minsk qrupu artıq konkret addımlar atmalıdır.

Hərbi yolla sülhə aparan yol

Şahin Seyidzadə sözünə davam edərək bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin həll yolu çox vaxt iki istiqamətdə dilə gətirilirdi - hərbi yol və ya sülh yolu. Lakin geridə qalan müddət və proseslər göstərdi ki, artıq münaqişənin həllində meydanda üçüncü yol ortaya çıxdı: hərbi yolla sülhə aparan yol. Bu, artıq bilinən faktdır ki, bu yola qədər olan proses sentyabrın 27-dən başlayan hərbi münaqişəyə qədər daim Minsk qrupunun susqunluğu, bitərəfliyin təmin edilməməsi ilə yadda qalıb. Azərbaycanın yürütdüyü diplomatiya və hərbi fəaliyyəti sözügedən bu susqunluğu pozdu. Meydanda hərbi yolla sülhə aparan yol var. Bu yolda Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlar, hərbi güc və iradə artıq Ermənistanın baş naziri Paşinyanı daim yayındığı sülh danışıqları masasına qaytarır. Son bir ay sübut etdi ki, “hərbi yolla sülhə aparan yol” özünü doğrultmaqdadır.

“Prezident İlham Əliyevin çıxışları, müsahibələri və xalqa müraciətlərində qeyd etdiyi çox vacib bir məqam var ki, bu, işğal edilmiş ərazilərin qrafikə uyğun boşaldılmasıdır”, - deyə deputat vurğulayıb ki, Ermənistan tərəfi işğal etdiyi ərazilərin boşaldılması barədə qrafiki təqdim etməli və bu qrafikə əsasən Azərbaycanın torpaqlarından erməni silahlı dəstələrinin çıxarılmasını təmin etməlidir. Oktyabrın 25-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşdə qəbul edilən birgə bəyanatda da qeyd olunur ki, “...Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.” “Qrafikə əsasən” ifadəsinin bəyanatda yer alması çox önəmli məqamdır. Prezident İlham Əliyevin bildirdiyi nüans olan, qrafikin təqdim edilməsi məsələsi artıq həmsədr ölkələrin nümayəndələri tərəfindən verilən bəyanatda da yer alıb.

“Hazırda tam əminliklə demək olar ki, Azərbaycan öz haqq mübarizəsinə hərbi-siyasi yolla davam etməkdədir. Ali Baş Komandan İlham Əliyevin oktyabrın 26-da xalqa müraciətində də dediyi kimi, “hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünü təmin etməlidir”. Son proseslər özünü doğruldur və Azərbaycan öz hədəflərinə doğru uğurla addımlayır. Ümumilikdə isə Cenevrədə keçirilməsi planlaşdırılan həmsədrlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bəyanatın verilməsi, status-kvonun bitməsi, Minsk qrupunun konkret addımlar atması, “hərbi yolla sülhə gedən aparan yolun” özünü doğrultması və işğal edilmiş ərazilərin boşaldılması üçün qrafikin təqdim edilməsi məsələləri Azərbaycanın qoyduğu hədəflərə çatmasını bildirir. Sözsüz ki, Azərbaycanın əsas hədəfi isə qısamüddətli atəşkəsə yox, uzunmüddətli sülhə maraqlı olmasıdır”, - deyə Milli Məclisin deputatı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.