SİYASƏT
Azərbaycan özünün əməli fəaliyyəti ilə İƏT-in məqsəd və hədəflərinə töhfə verməkdə davam edir
Tehran, 28 AZƏRTAC
Sentyabrın 28-də ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi təyin olunması haqqında məktubu təşkilatın baş katibi Halil İbrahim Akçaya təqdim edib.
Söhbət zamanı səfir bildirib ki, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional inkişafa töhfə verir. Azərbaycan fəal şəkildə beynəlxalq “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin həyata keçirilməsində iştirak edir. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək.
Qeyd edilib ki, Azərbaycan özünün əməli fəaliyyəti ilə İƏT-in məqsəd və hədəflərinə töhfə verməkdə davam edir. Bu il Azərbaycan İƏT regionunda iqtisadi artıma və inkişafın gücləndirilməsinə töhfə verəcək, IV İƏT Biznes Forumuna ev sahibliyi edəcək.
Baş katib ölkəmizin İƏT-dəki fəaliyyətini yüksək qiymətləndirərək, qeyd edib ki, Azərbaycan bütün region üçün ümumi olan nəqliyyat, alternativ enerji, ticarət və sərmayələr, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizmin daxil olduğu əsas prioritetlərə diqqət yetirir.
Görüşdə Azərbaycan ilə İƏT arasındakı münasibətlərin inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran