SİYASƏT
Azərbaycan parlamentinin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olacaq
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 26-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər edəcək.
Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu iyunun 23-də keçirdiyi brifinqdə məlumat verib.
Akif Təvəkküloğlu deyib ki, nümayəndə heyətinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı Milli Məclisin sədri Koreya Respublikasının Baş naziri və Milli Assambleyasının spikeri ilə görüşəcək, parlamentlərarası münasibətlərimizin bu günü və inkişaf perspektivləri, ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.
Səfər çərçivəsində Oqtay Əsədov Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.
Milli Məclis sədrinin müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.
Səfər iyunun 28-də başa çatacaq.