CƏMİYYƏT


“Azərbaycan” pavilyonu Ümumrusiya “Muzeylər gecəsi” aksiyasında iştirak edəcək

Moskva, 21 may, AZƏRTAC

Mayın 21-də Moskvada Tarixi və Mədəni İrs günü keçirilir. Ənənəyə görə, həmin gün şəhərin kitabxanaları, muzeyləri, qədim malikanə və imarətləri öz qapılarını moskvalıların və paytaxtın qonaqlarının üzünə açır.

AZƏRTAC xəbər verir ki, bu aksiyada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonu da iştirak edir. Moskvanın muzey həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş bu pavilyonda IV-XII əsrlərə aid nadir eksponatlar, Azərbaycanın qədim xalq sənətləri, milli musiqi alətləri, geyim aksesuarları nümayiş etdiriləcək.

Qonaqları gecə saat 23:00-dək pavilyon boyunca maraqlı ekskursiyalar gözləyir. Onlar burada Azərbaycan xalçaçılığının sirləri ilə tanış olacaq, “Hamam mücrüsü”nün qadına nə üçün lazım olduğunu, “bığ darağı”ndan necə istifadə etməyi, ipək kəlağayıların hazırlanması sirlərini, hansı çalğı alətlərinin UNESCO səviyyəsində qorunmasını, müxtəlif aksesuarların istifadəsi, xəncərlərin hazırlanması və tətbiqi ilə bağlı sirləri öyrənəcək, Şarl de Qollun dostu Əhmədiyyə Cəbrayılov, Yuqoslaviya müqavimət hərəkatının əfsanəvi iştirakçısı Mehdi Hüseynzadə, “Molotov kokteyli”ni icad etmiş akademik Yusif Məmmədəliyev və başqa əfsanəvi kəşfiyyatçılar, alimlər və musiqiçilərlə bağlı əhvalatlar eşidəcəklər. Bundan əlavə, qonaqlar “Azərbaycan” pavilyonunun tikintisi və bərpası barədə məlumat əldə edəcəklər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.