MƏDƏNİYYƏT
Azərbaycan paytaxtında möhtəşəm “Baku Fashion Week” şousu keçiriləcək
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də “Sputnik Azərbaycan” mətbuat mərkəzində “Baku Fashion Week” müsabiqəsinə hazırlıq” mövzusunda mətbuat konfransı keçirib. AZƏRTAC xəbər verir ki, tədbirdə müsabiqənin təşkilatçıları Aysel Hüseynova, Hafiz Ağayev və başqaları iştirak ediblər.
Mətbuat konfransında bildirilib ki, noyabrın 24-27-də “Jumeirah” otelində “Baku Fashion Week” çərçivəsində “Ən yaxşı gənc dizayner” nominasiyasında səsvermə keçiriləcək. Qalibə “BFW”-in tərəfdaşı “Studio Parisien des Arts et de la Mode”dən mükafat - gələn ilin fevralında Parisə beş günlük mədəni-maarif proqramı təqdim ediləcək.
Qeyd edilib ki, “Baku Fashion Week” ildə iki dəfə təşkil edilir və moda dünyasının ən görkəmli nümayəndələrini öz məkanında toplayır. Bu mövsümdə qonaqları çoxlu sürpriz və canlı obrazlar gözləyir. Bu gün şounu kutyuryedən “Bechique” uşaq brendi açacaq. Noyabrın 25-27-də Türkiyə, Gürcüstan, Kanada, Ukrayna, Özbəkistan və başqa ölkələri təmsil edən aparıcı dizaynerlərin geyimləri nümayiş etdiriləcək. “Baku Fashion Week” Azərbaycanın “De Camie” brendinin nümayişi ilə başa çatacaq.
Sonda təşkilatçılar KİV nümayəndələrinin suallarına cavab veriblər.