İDMAN


Azərbaycan pəhləvanları Şimali Osetiyada sərbəst güləş üzrə beynəlxalq turnirdə çıxış edəcəklər

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 8-9-da Vladiqafqazda (Şimali Osetiya) sərbəst güləş üzrə İkinci beynəlxalq “Alanı” turniri keçiriləcək.

Şimali Osetiya Respublikasının rəhbəri Vyaçeslav Bitarovun təşəbbüsü ilə təşkil edilən turnirdə 15 ölkədən pəhləvanlar çıxış edəcəklər. Bu haqda cümə günü Şimali Osetiya Respublikası İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda deyilir: “Artıq 15 ölkənin, o cümlədən Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Moldova, Gürcüstan, ABŞ, İran, Polşa, Monqolustan, Slovakiya, İspaniya və başqa ölkələrin yığma komandaları bu turnirdə iştirak edəcəklərini bildiriblər”.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, iştirakçılar arasında Olimpiya çempionlarının da olacağı gözlənilir. Onların siyahısı hələ tərtib edilir. Turnirin qaliblərinə və mükafatçılarına qiymətli hədiyyələr və pul mükafatları təqdim olunacaq.

Turnirin ümumi mükafat fondu 100 min ABŞ dolları, o cümlədən 1-ci yer üçün 5000 ABŞ dolları, 2-ci yer üçün 2000 ABŞ dolları, 3-cü yer üçün 1000 ABŞ dolları olacaq.

Turnirin təşkilatçıları Şimali Osetiya Hökuməti, Birləşmiş Güləş Dünyası və Rusiya İdman Güləşi Federasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.