İQTİSADİYYAT
Azərbaycan polad istehsalı kompleksinin təşkilində Yaponiya təcrübəsinə maraq göstərir
Filiz yataqları ilə zəngin olan Azərbaycanda bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksi yaradılır. Bu sahədə Yaponiya təcrübəsi faydalı olacaq. Artıq Yaponiyanın “Marubeni Corporation” şirkəti ilə müqavilə imzalanıb. Şirkət Gəncə və Daşkəsəndə polad istehsalı kompleksinin təşkili ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərir.
Bu barədə məlumat iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafı, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib. Hazırda Azərbaycanda Yaponiya kapitallı 19 şirkətin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Ş.Mustafayev əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini, eləcə də iş adamlarının iştirakı ilə keçirilən biznes forum, işgüzar görüş və sərgilərin rolunu yüksək dəyərləndirib. Nazir bildirib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirilməsinə təkan verəcək. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.
2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini xatırladan nazir ölkəmizdə sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində iş aparıldığını, bu parklarda Yaponiya şirkətlərinin iştirakı, təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını qonaqların diqqətinə çatdırıb.
Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il 8-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini qeyd edən Yoiçi Kobayaşi “İtochu Corporation” şirkətinin fəaliyyəti barədə məlumat verib. Şirkətin sənaye sahəsində ixtisaslaşdığını deyən Y.Kobayaşi bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bildirib.