CƏMİYYƏT
Azərbaycan polisi fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırılır
Bakı, 4 iyul, AZƏRTAC
Laçın Rayon Polis Şöbəsinin inzibati binasında Azərbaycan polisinin peşə bayramı qeyd olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirə guşəsi və şəhidlərin fotostendi önünə gül dəstələri düzüblər.
Akt zalında davam etdirilən tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Adil Əsədov şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, müstəqil dövlətimizin əsas sütunlarından olan Azərbaycan polisinin 99 yaşı tamam olur. Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda, beynəlxalq standartlara uyğunlaşdırılır. Şöbə rəisi çıxışında göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə şəxsi heyət adından minnətdarlığını ifadə edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin 1695 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallara layiq görülənlər var. Laçın polisi də Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, 43 şəhid verib. Üç nəfər “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, dörd nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Onlardan ikisi hazırda xidməti davam etdirir.
Sonda şəhid ailələrinə maddi yardım göstərilib, xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb.