REGİONLAR
Azərbaycan polisi yarandığı gündən dövlətçiliyin və qanunçuluğun keşiyində ayıq-sayıq dayanır
Cəlilabad, 1 iyul, Bağır Əliyev, AZƏRTAC
İyunun 30-da Cəlilabad şəhərində polis işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov polis işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə sabitliyin və ictimai asayişin qorunmasında polis işçilərinin əməyi böyükdür.
Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunçuluğun keşiyində ayıq-sayıq dayandığını vurğulayan Ə.Əzizov, vətəndaşların hüquqlarının qorunmasında, ictimai asayişin möhkəmləndirilməsində onların əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan polisi dövlətçiliyimizin dayaqlarından biri kimi çevik quruma çevrilib, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində polis əməkdaşlarının peşəkarlığı artıb.
Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik Mübariz Quliyev çıxış edərək Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduğunu, sabitliyin, əmin-amanlığın keşiyində durduğunu, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gün də vəzifə borcunu şərəflə yerinə yetirdiyini bildirib.
Polis əməkdaşlarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu qeyd edən M.Quliyev bundan sonra da bu müqəddəs vəzifənin yerinə yetrilməsində səylə çalışacaqlarını vurğulayıb.
Tədbirdə polis işçilərinin bir qrupuna fəxri fərman və hədiyyələr verilib.