CƏMİYYƏT


Azərbaycan postmünaqişə reabilitasiyası və reinteqrasiyası üzrə yeni dünyəvi model təqdim edəcək

Bakı, 27 may, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədr müavini Fuad Hüseynov “Böhranlar şəraitində gender ayrı-seçkiliyinin, təlim və tədrisdə bərabərsizliklərin aradan qaldırılması – Azərbaycan nümunəsi” mövzusunda vebinarda çıxış edib.

QMKİDK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının, Efiopiya Federativ Demokratik Respublikası və UNESCO-nun Əddis-Əbəbədəki ofisinin və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinarın əsas məqsədi ölkəmizin gender bərabərliyi sahəsindəki təcrübəsini Afrika ölkələri ilə bölüşməkdən ibarət olub.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışı zamanı Azərbaycanda Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi, onların problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın keçmiş məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi qeyd edilib.

Nəzərə çatdırılıb ki, keçmiş məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı hazırlanan hər bir normativ hüquqi aktda gender bərabərliyi məsələsi də diqqətə alınır. Qadınlara kişilərlə bərabər mənzil, məşğulluq, müavinət, təhsil, səhiyyə sahələrində tətbiq edilən güzəşt və imtiyazlardan yararlanmaq hüququ verilir. Eyni zamanda, keçmiş məcburi köçkünlərin təhsil alması və bu sahədə tətbiq olunan güzəştlərdən yararlanması üçün də imkan yaradılıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında olduğu dövrdə həmin rayonlarda fəaliyyət göstərmiş təhsil idarələrinin və məktəblərin müəllim kollektivi keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı şəhər və rayonlarda fəaliyyətini davam etdirib.

Vebinar iştirakçılarına bildirilib ki, 2020-ci ilin sentyabrında Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra ərazi bütövlüyünü bərpa edib. Keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması üçün şərait yaranıb. Ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətləri və infrastrukturun qurulmasından sonra keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz, ləyaqətlə qayıdışı həyata keçiriləcək. Böyük Qayıdışdan öncə keçmiş məcburi köçkünlər arasında aparılan sorğu zamanı da gender bərabərliyi, gender və yaşa aid ehtiyaclar məsələsinə diqqət yetirilir, təhsil, məşğulluq kimi məsələlərin həlli ilə əlaqədar olaraq, həm qadınların, həm də kişilərin fikirləri öyrənilir. Bu, eyni zamanda, onların fərdi istəklərinin də qarşılanmasına müsbət təsir edəcək.

Sonda əminliklə bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan siyasət nəticəsində yaxın illərdə Azərbaycan postmünaqişə reabilitasiyası və reinteqrasiyası üzrə yeni dünyəvi model təqdim edəcək.

Vebinar tədbir iştirakçılarının çıxışları ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.