ELM VƏ TƏHSİL
“Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu çapdan çıxıb
Bakı, 10 noyabr, AZƏRTAC
“Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, kitab-albomun müəllifi muzeyin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova, redaktoru bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlıdır.
Kitab-albomda ənənəvi xalq geyimlərinin tərkib hissəsi olan qadın geyimlərinin bəzədilməsində istifadə edilən elementlərin təsnifatı və onlar haqqında qısa məlumatlar verilib. Kitab-albom “Baş bəzəkləri”, “Düymə və piləklər”, “Ətəklik, yaxalıq və əlcəklər”, “Sancaqlar”, “Kəmərlər”, “Ayaq geyim bəzəkləri”, “Toxuma bəzəklər”, “Tikmələr” adlı bölmələrdən ibarətdir.
Nəşrə daxil edilən materiallar muzeyin fondlarında qorunur. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərində verilib.