REGİONLAR
Azərbaycan qadını bütün dövrlərdə öz istedadı və zəkası ilə fərqlənib
Şəki, 8 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan qadını hər zaman iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayıb. Qadınlarımız bütün dövrlərdə öz istedadı və zəkası ilə fərqlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şəkidə keçirilən bayram tədbirində səsləndirilib.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında təşkil edilən tədbirdə şəhər rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərində çalışan fəal qadınlar iştirak ediblər.
Qadınları əlamətdar bayram münasibətilə təbrik edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadınının müstəqil respublikamızda cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli ruhda tərbiyə olunması, Vətənə məhəbbət ruhunda yetişdirilməsi kimi şərəfli bir işi öz üzərlərinə götürüb və bu işin öhdəsindən layiqincə gəliblər. Azərbaycan qadını bu gün dövlət quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə ləyaqətlə təmsil olunur, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verirlər.
Təbrik və çıxışlardan sonra Şəkinin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.