REGİONLAR
Azərbaycan qadını cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayır





Yevlax, 8 mart, AZƏRTAC
Milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınları öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Yevlaxda keçirilən “Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir” mövzusunda tədbirdə səsləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid anaları və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək, qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Qeyd edilib ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər məhz xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
A.Tağıyev Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin dövlət başçısının təşəbbüsü ilə qadınların aktiv fəaliyyəti naminə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü həyatında qadınların əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqlarını bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, xalqımızın zəngin maddi-mənəvi irsinin öyrənilməsində, qədim tariximiz və mədəniyyətimizin təbliğində onların misilsiz xidmətlərinin qadınlarımız tərəfindən örnək kimi qəbul edildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev vurğulayıb ki, Azərbaycan qadınları gözəl ana kimi gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edirlər. Məhz onun nəticəsidir vətənpərvər ruhda tərbiyə olunan, Ulu Öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında cəmiyyətimizdə əsl vətəndaş kimi formalaşan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız Prezident, Müzəffər Sərkərdə İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı işğaldan azad etdi.
Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev Azərbaycan qadının simasında cəsarətlilik, saflıq, şəfqət və ən yüksək qadın keyfiyyətlərinin təcəssüm olunduğunu vurğulayaraq, bütün qadınlara təbriklərini çatdırıblar.
Şəhid anaları çıxışlarında Vətənin keşiyində cəsarətlə və məğrurcasına dayanıb, düşmənləri döyüş meydanında ağır məğlubiyyətə uğradan və adlarını qızıl hərflərlə tarixin şanlı səhifələrinə yazdıran igid oğullar yetişdirdiklərinə görə böyük qürur hissi keçirdiklərini diqqətə çatdıraraq, dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal rolu olan bir qrup qadın Fəxri fərmanla təltif edilib.