REGİONLAR
Azərbaycan qadını tarixən milli varlığımızı özündə əks etdirib







Göyçay, 7 mart, AZƏRTAC
Göyçayda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və şəhidlərin həyat yoldaşlarının iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev şəhid analarını və şəhidlərin həyat yoldaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan qadınları tarixən milli varlığımızı özündə əks etdirmiş, mədəni dəyərlərimizin əsrlərdən bəri qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuş, ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəməmişlər. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Qarabağ torpaqlarının azad olunmasında və məğrur xalqımıza hüdudsuz zəfər sevincinin yaşadılmasında məhz analarımızın tərbiyə etdiyi vətənpərvər oğulların müstəsna payı var.
Sonra Prezidentin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Şəhid anaları Adilə Eminova, Əminə Xəlilova, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Nərmin Abışova, rayon Mərkəzi Xəstəxanasının psixoloqu Dilarə Bayramova, rayon ziyalıları adından respublikanın Əməkdar müəllimi Adil Məmmədov çıxış ediblər.
Daha sonra rayon məktəblilərinin hazırladıqları kompozisiya nümayiş olunub.