REGİONLAR
Azərbaycan qadını xalqımızın mənəvi dəyərlərinin formalaşmasında böyük rol oynayıb
Ağdam, 6 mart, AZƏRTAC
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub, mənəvi dəyərlərin formalaşmasında və inkişafında böyük rol oynayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində səsləndirilib. Bayram süfrəsi arxasında keçirilən mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət qulluğunda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar, şəhid anaları iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və başqaları çıxış edərək qadınları əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara böyük hörmət və ehtiramla yanaşıb. Onun bu siyasəti hazırda uğurla davam etdirilir. Azərbaycan qadınları bu gün bütün sahələrdə fəal təmsil olunur, kişilərlə çiyin-çiyinə çalışırlar. Azərbaycan qadını həm həkim, müəllim, memar, dövlət qulluqçusu, hərbiçi, ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır.
Tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri verilib. Ağdam Dövlət Dram Teatrının və musiqiçilərin təqdim etdikləri səhnəciklər və rəngarəng konsert proqramı hamıda xoş ovqat yaradıb.