ELM VƏ TƏHSİL
Azərbaycan qadınları tarixboyu zəkası, sədaqəti və qəhrəmanlığı ilə seçilib
Bakı, 5 mart, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq müəssisənin bütün qadın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
“Bu yaz Azərbaycan Respublikasının həyatında xüsusi bir sevinc və şadyanalıqla qeyd olunacaq. Çünki uzun illərdən sonra ölkəmiz torpaqlarını işğaldan azad edib və daha xoşbəxt, ümidverici bir mərhələyə qədəm qoyub. Buna görə də qarşıdan gələn hər bayramın sevinci son otuz ildə qeyd olunan bayramların işığından daha artıq olacaq”, - deyə akademik qeyd edib.
Rafael Hüseynov tarixboyu Azərbaycan qadınlarının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçildiyini deyib. Bildirib ki, təqvimdə 8 mart tarixinin qadınlar bayramı günü kimi göstərilməsi əlamətdar hadisədir. Hər bir insanın qadına münasibəti yüksək olmalıdır. Çünki zərif xəlq olunmuş qadın hər şeydən əvvəl bəşəriyyətin anasıdır.
Tədbirdə, həmçinin muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva və Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültəkinin Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunduqları diqqətə çatdırılıb. Eyni zamanda, muzeyin bir qrup qadın əməkdaşının Həmkarlar İttifaqı tərəfindən mükafatlandırıldığı qeyd olunub.