SİYASƏT
Azərbaycan qadınlarına həsr edilən sərgi Lüksemburq mediasında
Paris, 1 iyun, AZƏRTAC
Lüksemburqun Chronicle.lu saytında “Azərbaycan qadınlarına həsr edilmiş “Yeddi gözəl” sərgisi” adlı məqalə dərc olunub.
Məqalədə fotoqraf Filipe Fereranın “Yeddi gözəl” adlı sərgisinin Lüksemburqda yaşayan azərbaycanlı qadınlara həsr edildiyi və sərginin adının dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından götürüldüyü bildirilir.
Yazıda Filipe Fereranın Lüksemburqda yaşayan yeddi gözəl, güclü Azərbaycan qadınının gündəlik həyatının müxtəlif anlarını əbədiləşdirdiyi, onların həyatın müxtəlif sahələrində - məişətdə, işdə, cəmiyyətdə, ana, bacı rolunda, təhsil, iş, yaradıcılıq sahələrində uğurlarını əks etdirdiyi vurğulanır.
Sərginin təşkilində əsas məqsədin müsəlman ölkəsi olan, Avropanın bir sıra nüfuzlu ölkələrindən, eləcə də ABŞ-dan daha əvvəl qadınlara səsvermə hüququ verilən Azərbaycanda müasir və azad cəmiyyətin olduğunu, qadınların azad şəkildə təhsil aldığını, dövlət idarəçiliyində təmsil olunduqlarını və cəmiyyətdə aparıcı mövqe tutduqlarını göstərmək olduğu diqqətə çatdırılır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris