İQTİSADİYYAT


Azərbaycan qazını Bolqarıstana çatdıracaq IGB interkonnektoru üzrə ilin sonunda tender proseduruna başlanılacaq

Bakı, 13 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək IGB (Interconnector Greece-Bulgaria) interkonnektoru üzrə mühüm irəliləyişə nail olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ICGB AD şirkəti məlumat yayıb.

Bildirilir ki, IGB boru kəməri ilə Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz daşınacaq. Bu ilin sonuna qədər boru kəməri üzrə bir neçə tender proseduruna başlanılacaq. Cari ilin birinci yarısında 4-ü Bolqarıstan bazarı üçün yeni olmaqla ümumilikdə 5 şirkət ilə müqavilə imzalanıb.

IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 182 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.

Qeyd edək ki, Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.

2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

Keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Qaz boru kəməri layihəsinin 50 faizdən çoxu icra edilib. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib.

Boru kəmərinin tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95 faizi Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası isə sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır.

Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.