MƏDƏNİYYƏT


“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının təqdimatı olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, mədəniyyət naziri Əbülfəs Qarayev portalın yaradılmasının əhəmiyyətindən və məqsədindən söz açıb. Bildirib ki, cəmiyyətimiz və tariximiz üçün əhəmiyyət kəsb edən bu layihə ayrılıqda götürülmüş hansısa fayl, nominasiya şəklində deyil, dövlətimizin strateji xətti kimi qəbul edilməlidir.

Nazir vurğulayıb ki, müharibələrdən əziyyət çəkən ölkələrin həm canlı qurbanları, həm zəbt olunmuş torpaqları, həm də pərdəarxası, gözlə görünməyən itkiləri olur: “Bu gün təqdim etdiyimiz layihə cəmiyyəti yeni prosesə səsləyir. Gündəlik həyatımızda qeyri-maddi irs barədə düşünmürük, amma kimsə müharibənin vurduğu ziyan haqqında xəbər eşidəndə, bədxah qonşuların hansısa mədəni nümunəmizi öz adlarına çıxarması faktı ilə rastlaşanda bu zaman mütləq dövlətin bu işlə məşğul olan strukturlarını təqsirkar hesab edir. Onlar düşünmürlər ki, bu iş bütün vətəndaşların və cəmiyyətin birgə səyi nəticəsində reallaşmalıdır. Mədəniyyət abidələrimizin, ümumilikdə qeyri-maddi mədəni irsimizin qorunması vətəndaşların şüurunda formalaşmalıdır. Burada artıq hansısa müəssisə, yaxud təşkilatın fəaliyyətini gözləmək yersizdir. Yeni layihə məhz bu amala xidmət edir”.

Qeyd edib ki, mədəni irsin qorunması, ona sahib çıxmaq məsələləri təxminən 10 il bundan əvvəl dünya səviyyəsində bu qədər aktual deyildi. Bu gün qloballaşma dövründə bu məsələ ən aktual və vacib mövzuya çevrilib. UNESCO çərçivəsində keçirilən sessiyalar belə sanki müharibə, döyüş xarakteri daşıyır.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, dövlətimiz mədəni irsimizin qorunması işinin təməlini qoymasaydı, bu gün maddi nümunələrimiz bu dərəcədə təbliğ olunmayacaqdı: “Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, bu gün UNESCO-nun müvafiq siyahılarında Azərbaycanın 11 nominasiya faylı qorunur və ölkəmiz təşkilatın “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub”.

Bildirib ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin yaradılması qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onların təbliğini təşviq etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaq ehtiyacından irəli gəlib. Çünki nəsildən-nəslə ötürülən belə nümunələr xalqın uzaq keçmişinə, qədim tarixinə söykənən təcrübə əsasında yaradılır və insanlarda özünəməxsusluq, irsilik hissi formalaşdırmaqla, həm də mədəni müxtəlifliyə xidmət edir.

Əbülfəs Qarayev layihənin ərsəyə gəlməsində Aşıqlar Birliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi və Dövlət Film Fondunun, eləcə də biblioqrafiyanın hazırlanmasında Milli Kitabxananın fəaliyyətini qeyd edib.

Vurğulayıb ki, layihə ölkəmizdə fəaliyyət göstərən bütün muzey sərvətlərinin qorunması ilə bağlı reyestr planının hazırlanmasını da zəruri edir: “Artıq bu layihə üzərində işlərə başlanılıb və ilkin format hazırlanıb. Bu gün qloballaşan, informasiya çevikliyi tələb edən zamanda öz milli sərvətlərimizi zərbə altında qoymamaqdan ötrü bütün innovativ vasitələrdən istifadə edərək ölkəmizin milli sərvətlərini müdafiə etməyi bacarmalıyıq”.

Qeyd edib ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin yaradılması Azərbaycan hökumətinin UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsidir. Dövlət Reyestrinin elektron portalı ölkəmizin qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında lazımi elmi ədəbiyyatı, foto və videomaterialları əhatə edir. Portalda, həmçinin şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar öz əksini tapıb.

Daha sonra nazirliyin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli reyestrlə bağlı təqdimatla çıxış edib. Bildirib ki, portal “Əsas səhifə”, “Reyestr haqqında”, “Reyestr”, “Azərbaycan nümunələri UNESCO siyahılarında”, “Ermənistanın təcavüzü”, “Xəritə”, “Xəbərlər”, “Təkliflər” və “Əlaqə” bölmələrindən ibarətdir. Portalda ölkəmizin qeyri-maddi mədəni irs nümunələri diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyada təqdim edilir. Həmin kateqoriyalara daxil olan məfhumlar siniflərə, növlərə, janrlara və qruplara görə fərqləndirilib. Qeyri-maddi mədəni irs nümunələrinin səhifəsi nümunə haqqında arayışdan, nümunəyə aid foto və videolardan, nümunənin pasportundan, daşıyıcı və təşkilat, nümunənin yayıldığı areal haqqında məlumatlardan ibarətdir. Arayışlar UNESCO-nun tələbləri çərçivəsində tərif (təsvir), təsnifat, tarix və yayıldığı areal əhatə olunmaqla həmin sahə üzrə çalışan elmi mütəxəssislər tərəfindən hazırlanıb.

Təqdimatda çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov portalı yüksək dəyərləndiriblər. Vurğulanıb ki, qeyri-maddi mədəni irsin qorunması təkcə dövlət tərəfindən deyil, cəmiyyət tərəfindən də dəstəklənməli, daim diqqətdə saxlanılmalıdır.

Sonda nazir portalın təkmilləşdirilməsi və xarici dillərə tərcüməsi ilə bağlı təkliflərini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.