İQTİSADİYYAT


Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutlarının yerli valyutada istiqrazları emissiya ediləcək

Bakı, 17 iyul, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzun müddətdir sıx əməkdaşlıq aparmaqdadır. Görülmüş işlər nəticəsində Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcək.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, MBNP tərəfindən iyulun 16-da nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

Adıçəkilən banka məxsus istiqrazların yerli valyutada kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında emissiyası respublikamız üçün əlamətdar hadisədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu, beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiyanın, əməkdaşlığın və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycanda sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək.

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı”na dair 2-ci strateji hədəfində emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, listinqə çıxışı məhdudlaşdıran amillərin aradan qaldırılması, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və yeni listinq prosedurlarının hazırlanması müəyyən olunub. Qeyd edilən tədbirlərin icrası məqsədilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına qanunvericilikdə mane olan amillərin aradan qaldırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanmış və həmin dəyişikliklər 2019-cu il fevralın 1-də qüvvəyə minib. Eyni zamanda, beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə Bakı Fond Birjasının listinq qaydalarına dəyişikliklər edilərək beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun daha sadə listinq tələbləri müəyyən olunub. Həyata keçirilmiş tədbirlər beynəlxalq təşkilatların yerli qiymətli kağızlar bazarına olan marağını artırıb və əlavə stimullar formalaşdırıb.

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz ətrafı ölkələrinin regional inkişafı və əməkdaşlığına dəstək məqsədilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştiraka fokuslanıb. Bank tərəfindən buraxılacaq istiqrazlar qısa müddətə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Həmçinin sözügedən təşkilat tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin ölkədə sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub.

Bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilən yeniliklərin davam etdirilməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.