İDMAN
Azərbaycan qızıl medallarının sayını 11-ə çatdırdı
Növbəti uğura taekvondoçumuz Ayxan Tağızadə imza atdı VİDEO
Bakı, 17 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunlarında qazandığı qızıl medalların sayını 11-ə çatdırıb.
AZƏRTAC xəbər verir ki, növbəti uğura taekvondoçumuz Ayxan Tağızadə imza atıb.
Taekvondo yarışlarının 68 kiloqram çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan idmançısı, yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşıb. Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunan vaxtda idmançımız gözəl fənd işlədərək rəqibini məğlub edib və birinci Avropa Oyunlarının çempionu olub.
O, həlledici qarşılaşmaya gedən yolda sloveniyalı Jure Pantar, ispaniyalı Joel Qonzales Bonilla və rusiyalı Aleksey Denisenkonu mübarizədən kənarlaşdırıb.
Bu çəki dərəcəsi üzrə medalları Belçika Olimpiya Komitəsinin baş icraçı direktoru Filip Vander Putten təqdim edib.
Qalibin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
AZƏRTAC-ın arayışı: 1996-cı ildə Bakıda taekvondo məşqçisi Əvəz Tağıyevin ailəsində anadan olan Ayxan 10 yaşından yarışlarda çıxış etməyə başlayıb. Hazırda 19 yaşı olan idmançımız “Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvüdür. 2013-cü ildə Portuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.
Ayxan Tağızadə “Bakı-2015”-də taekvondo üzrə 68 kiloqram çəki dərəcəsində çıxış edir. Atası Əvəz Tağıyev Azərbaycanın para-taekvondo üzrə milli komandasının baş məşqçisidir.