SİYASƏT
Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir
Bakı, 11 iyul, AZƏRTAC
BMT-nin Davamlı İnkişaf Məqsədləri Proqramı qlobal əhəmiyyətli proqramdır və Azərbaycanın bu indeks üzrə 166 ölkə arasında 54-cü pillədə qərarlaşması qürurvericidir. 2015-ci ildə BMT Baş Assambleyasında keçirilən liderlərin zirvə görüşündə müəyyən edilmiş məqsədlər 2030-cu ilə qədər ümumbəşəri məqsədlər və vəzifələr müəyyənləşdirir.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, əgər qısaca qruplaşdırmağa çalışaq bu məqsədlər üç əsas istiqaməti müəyyən edir: yoxsulluğun bütün formalarının aradan qaldırılması, bərabərsizliyə qarşı tədbirlərin görülməsi və qlobal iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsi. Artıq 5 ildir davam edən bu proqramda Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca bir təcrübə təşkil edir və nümunəvidir. Birinci istiqamət, yəni yoxsulluğun aradan qaldırılması daim ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritetlərindən birini təşkil edib və bununla bağlı mühüm nəticələr əldə olunub. Bu, vətəndaşlarımızın sosial rifahının təmin edilməsində real fərq yaradıb. Digər indekslər üzrə də Azərbaycan mühüm tədbirlər görməyi bacarıb və nəticədə regional liderə çevrilib.
Milli Məclisin deputatı vurğulayıb ki, bərabərsizliyin aradan qaldırılması indeksi üzrə ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər, ədalət və güclü institutlar kimi ayrı-ayrı mühüm istiqamətlərdə irəliləyişlər əldə edə bilib. Burada söhbət həm də sadalanan xidmətlərin əlçatanlığından, onun kütləviliyinin və bərabərliyinin təmin edilməsindən gedir. Biz buna bəzən inklüziv cəmiyyət də deyirik. Ancaq şübhəsiz ki, bu irəliləyiş öz-özünə baş verməyib. Çünki hamıya bəllidir ki, məlum indekslər üzrə irəliləyiş əldə etmək üçün mütləq müəyyən vaxta və görülməli olan vacib və məqsədyönlü tədbirlərə ehtiyac var.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkə olduğunu vurğulayan H.Babaoğlu deyib: “Azərbaycanın son 5 ildə əldə etdiyi nailiyyətlərin kökü əslində 17 il əvvəl həyata keçirilməyə başlanmış siyasətin nəticəsi kimi meydana çıxıb. Ona görə də müqayisəli təhlil zamanı aydın olur ki, Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda, bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Şübhəsiz ki, əldə edilən göstəricilər son deyil, tam əksinə, bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır”.