İDMAN
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu sübut etmişdir VİDEO
Bakı, 16 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Pekində keçirilən şahmat üzrə FİDE “Qran-pri” yarışının beşinci mərhələsinin qalibi olmuşdur.
AZƏRTAC xəbər verir ki, iyulun 16-da yarış başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən FİDE-nin prezidenti Kirsan İlyumjinov yarışın qalibi Şəhriyar Məmmədyarovu təbrik etmiş, ona yeni-yeni uğurlar arzulamışdır.
Azərbaycan təmsilçisi bu uğuru heç də asanlıqla qazanmamışdır. Özündən əlavə dünyanın 11 güclü beynəlxalq qrossmeysterlərinin - Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya) , Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Anish Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna) və Hao Vang, Yue Vangın (hər ikisi Çin) birincilik uğrunda mübarizə apardıqları turnirin son turunda İsrail şahmatçısı Boris Gelfand ilə xalları bölüşdürən qrossmeysterimiz yarışda ikinci nəticə göstərən rusiyalı Aleksandr Qrişşuku yarım xal qabaqlayaraq FİDE “Qran-pri” yarışının beşinci mərhələsinin qalibi olmuşdur.
Şəhriyar Məmmədyarov 11 görüşdən 5-də qalib gələrək 7 xal toplamış və dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu sübut etmişdir. Azərbaycan qrossmeysteri son bir ayda qatıldığı dörd superturnirin üçünün qalibi olmuşdur.
Ş.Məmmədyarov Dünya reytinqində böyük sıçrayış edərək hazırkı dünya çempionu Vişvanatan Ananddan (Hindistan) 0,7 xal geri qalır.