CƏMİYYƏT
Azərbaycan radioloqlarının ikinci elmi–praktik konfransı olub
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan radioloqlarının ikinci elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, 50 mütəxəssisin iştirakı ilə keçirılən konfransa 400 nəfərədək distant olaraq qoşulub.
Dövlət Himninin səsləndirilməsindən sonra öz işinə başlayan konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev düzgün diaqnozun qoyulmasında radioloji müayinələrin əhəmiyyəti barədə məlumat verib.
Konfransın açılışında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, N.Tusi adına Klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxış ediblər.
Elmi-praktik konfransda sessiyalar akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Şüa diaqnostikası laboratoriyasının rəhbəri Soltan Manafov, Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri Məlahət Sultanova, Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri Ahmet Memiş, Azərbaycan Dövlət Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri Rasim Bayramov, Mərkəzi klinik Xəstəxananın Radiologiya şöbəsinin müdiri Kamran Yaqubov və Milli Onkologiya Mərkəzinin Şüa diaqnostikası şöbəsinin müdiri Anar Kazımovun moderatorluğu ilə keçirilib.
Azərbaycan və Türkiyədən olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə ümumilikdə 18 məruzə təqdim olunub.