SİYASƏT


Azərbaycan regional və qlobal müstəvidə bir çox ölkələrin nail ola bilmədikləri uğurları əldə edib

Bakı, 13 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biridir. 10 il bundan əvvəl təşəbbüs kimi irəli sürülən, 2014-cü ildən inşa edilməyə başlayan və cəmi altı ildə tikintisi başa çatdırılan 3500 kilometrlik bir kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə önəmli bir hadisədir. Çünki söhbət heç də, sadəcə, adi bir enerji layihəsindən getmir. Burada söhbət Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə, yeni formatda bir əməkdaşlıq platformasından gedir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlunun sözlərinə görə, hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, ölkələrin heç də hamısı öz resurslarından milli məqsədlər üçün istifadə edə bilmir: “Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevrilib. Azərbaycan isə təbii ehtiyatlarından öz dövlətini, həmçinin beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb. Dolayısı ilə Azərbaycan regional və qlobal müstəvidə bir çox ölkələrin nail ola bilmədikləri uğurları əldə edib.

Baş redaktor diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi layihəsinə qədər Nabukko və buna bənzər digər layihələrin həyata keçirilməsi təşəbbüsü irəli sürülsə də, heç biri baş tutmadı. Sadəcə, Azərbaycan öz tərəfdaşları ilə birlikdə XXI əsrin layihəsi olan belə bir meqalayihəni həyata keçirməyə müvəffəq oldu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlər və layihənin perspektivləri ilə bağlı mühüm məsələlər müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perspektivləri haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Dövlət başçısı yeni plan və ideyaların həyata keçirilməsi üçün tərəfdaşlarla birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd etdi. Yeni plan və ideyalar isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşrutların şaxələndirilməsi və beləliklə, tərəfdaş ölkələrin sayının artmasını özündə ehtiva edir.

Hikmət Babaoğlunun sözlərinə görə, bu istiqamətdə İonik-Adriatik, yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar da əhəmiyyət kəsb edir. Qərbi Balkanların Mərkəzi Avropa ilə kəsişdiyini nəzərə alsaq, o zaman bu layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətinə gəlmək olar. Tərəfdaş ölkələrin sayının artması bu layihəni daha da əhəmiyyətli edir. Digər mühüm hadisə isə bu tərəfdaşlıq prosesində Azərbaycanın həm də istehsalçı ölkədən tranzit ölkəyə çevrilməsidir. “Dostluq” yatağından əldə ediləcək resurslar Azərbaycana həm də tranzit ölkə statusu qazandırmış olacaq. Bu istiqamətdə daha yeni və fərqli perspektivlər var ki, bunu da zaman göstərəcək. Bütün bunlar isə uzunmüddətli perspektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün daha da cazibədar edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.