SİYASƏT


Azərbaycan regionları ilə İndoneziyanın Boqor şəhəri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Cakarta, 19 noyabr, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin bu ölkənin Qərbi Yava əyalətinin Boqor şəhərinə səfəri çərçivəsində regionlararası əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində səfir C.Mirzəyev Boqor şəhərinin meri Bima Arya Suqiarto ilə görüşüb.

Görüşdə B.A.Suqiarto noyabrın 10-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan sənədi xatırladaraq, torpaqlarımızın erməni işğalından azad olunması münasibətilə xalqımıza təbriklərini çatdırıb.

Sonra Boqor merinin Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər və imzalanan niyyət protokolu, eləcə də ölkələrimiz arasında investisiya qoyuluşu üzrə potensial sahələr barədə fikir mübadiləsi aparılıb. B.A.Suqiarto Azərbaycana səfəri zamanı “ASAN xidmət” Mərkəzinin fəaliyyəti ilə tanış olduqlarını və həmin mərkəzin onlarda böyük təəssürat yaratdığını qeyd edib. Boqor şəhərində də dövlət xidmətlərinin göstərildiyi bənzər qurumun olduğunu qeyd edən mer “ASAN xidmət”in uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduqlarını deyib. B.A.Suqiarto Boqorda fəaliyyət göstərən dövlət xidmətləri mərkəzlərinin əməkdaşları üçün təlimlərin keçirilməsi ilə bağlı “ASAN xidmət”ə müraciət olunduğunu və bununla əlaqədar danışıqların davam etdiyini bildirib.

Lənkəranla imzalanan niyyət protokoluna toxunan mer iki şəhər arasında iqtisadi əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıb. O, aqrar sahədə, xüsusilə çayçılıq, çəltikçilik və sitrus meyvələrinin becərilməsi sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Boqor bölgəsinin turistlərin ən çox səfər etdiyi istiqamətlərdən biri olduğunu qeyd edən mer turizm sahəsində əməkdaşlığın həyata keçirilməsinin və təcrübə mübadiləsinin mümkünlüyünü də qeyd edib.

Qələbə münasibətilə təbrikə görə minnətdarlığını bildirən C.Mirzəyev Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə Ermənistan tərəfindən sentyabrın 27-dən başlayan sonuncu hərbi təcavüzlə bağlı İndoneziya Xarici İşlər Nazirliyinin (XİN) ölkəmizin haqlı mövqeyini dəstəklədiyini xatırladıb. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bəyanat qəbul etdiyini, Ermənistan hökumətinin həmin sənədləri 27 il ərzində yerinə yetirmədiyini bildirib. Haqlı mübarizəmizin təkcə İndoneziya XİN tərəfindən deyil, həmçinin bu ölkənin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsi, parlament fraksiyaları, İndoneziyanın bütün müsəlman dini icmalarını özündə birləşdirən Üləmalar Məclisi tərəfindən yazılı bəyanatlarla dəstəkləndiyi xüsusi vurğulanıb. İndoneziya hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən səfir Azərbaycan xalqının bu dəstəyi heç vaxt unutmayacağını qeyd edib.

“ASAN xidmət”in ölkəmizin uğurlu layihələrindən biri olduğunu qeyd edən C.Mirzəyev Azərbaycan ilə İndoneziya arasında bu sahə ilə bağlı imzalanan müvafiq memoranduma əsasən İndoneziya tərəfinin bu təcrübənin öyrənilməsi ilə bağlı fəaliyyətini davam etdirdiyini, o cümlədən bu ölkənin regional administrasiyalarının əhaliyə dövlət xidmətlərinin göstərilməsi barədə bənzər mərkəzləri qurmaqda maraqlı olduqlarını bildirib. Bununla əlaqədar səfirliyin lazımi köməyin göstərilməsinə hazır olduğunu qeyd edib.

Azərbaycan səfirinin Boqor şəhərinə səfəri və burada apardığı müzakirələr İndoneziyanın nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Məlumat üçün bildirək ki, Boqor şəhərinin meri B.A.Suqiarto cari ilin martında Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzində olub və Lənkəran şəhərinə səfəri zamanı rayon icra hakimiyyətində görüşlər keçirib. Səfər zamanı Lənkəran ilə Boqor şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı niyyət protokolu imzalanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.