SİYASƏT
Azərbaycan regionları ilə İndoneziyanın Subanq şəhəri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Cakarta, 20 noyabr, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin bu ölkənin Qərbi Yava əyalətinin Subanq şəhərinə səfəri çərçivəsində iki ölkənin regionları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, mətbuat nümayəndələrinin Qarabağda baş verən son hadisələrlə bağlı sualları cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində səfir C.Mirzəyev Subanq şəhərinin regenti/rəhbəri Ruhimat ilə də görüşüb.
Görüş zamanı diplomat Azərbaycanın iqtisadi inkişafı, ölkədə aparılan islahatlar, ölkəmizin regiondakı əlverişli strateji-coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı regional və transregional enerji və infrastruktur layihələri, habelə Azərbaycan–İndoneziya münasibətləri barədə geniş məlumat verib. Ölkələrimiz arasındakı dinamik inkişaf yolunda olan əlaqələrin daha yüksək səviyyəyə qaldırılması məqsədilə bir sıra konkret sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Azərbaycan ilə İndoneziya arasında investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edən səfir hər iki ölkənin iş adamlarını əməkdaşlıq quraraq qarşılıqlı yatırım etməyə çağırıb. Azərbaycan-İndoneziya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimizin regionları arasında əlaqələrin yaradılmasının vacibliyi qeyd olunub.
Subanq şəhərinin regenti rəhbərlik etdiyi şəhər ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib, bunun ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni təkan verəcəyini qeyd edib. Subanq bölgəsinin sənaye, turizm və aqrar sahələrdə böyük potensiala malik olduğunu deyən Ruhimat hazırda Yava dənizi sahilində inşası davam edən “Patimban Dəniz Port”u (Patimban Deep Sea Port) haqqında məlumat verib, azərbaycanlı iş adamlarını əməkdaşlığa dəvət edib.
C.Mirzəyev hazırda Lənkəran ilə Boqor şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulduğunu, Azərbaycan və İndoneziyanın başqa şəhərləri arasında da bənzər addımın atılması istiqamətində müzakirələrin aparıldığını qeyd edib, səfirliyin bu kimi təşəbbüslərə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, qarşı tərəfə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məlumat verilib və hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın qurulmasının, sahibkarların investisiya layihələrinə cəlb olunmasının iqtisadi əlaqələrimizin inkişafına böyük töhfə verəcəyi vurğulanıb. Azərbaycan ilə İndoneziya arasında siyasi münasibətlərin inkişaf etdiyini bildirən C.Mirzəyev bunun öz növbəsində iqtisadi əlaqələrdə də müşahidə olunacağına inandığını bildirib.
C.Mirzəyev dövlətlərimiz arasındakı siyasi münasibətlərdəki uğurlu əməkdaşlığın bariz nümunəsi olaraq, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İndoneziya XİN, Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsi, Parlament fraksiyaları, Üləmalar Məclisi tərəfindən haqlı mövqeyimizi dəstəkləyən yazılı bəyanatların verildiyini bildirib. BMT-nin Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı keçirilmiş qapalı məsləhətləşmələr zamanı İndoneziya hökumətinin verdiyi dəstəyi xüsusi vurğulayıb.
Subanq şəhərinə səfər çərçivəsində səfirliyin ikinci katibi Emil Əhmədov “Aditya” radiosuna Ermənistan-Azərbaycan münaqişəsinə dair müsahibə verib. Müsahibə zamanı 1990-cı illərdə Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüz və onun nəticələri, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı barədə məlumat verilib.
Bu ilin iyulundan başlayaraq Ermənistan silahlı qüvvələrinin sərhəd və təmas xətti boyunca intensiv şəkildə hərbi təxribatlara əl atması, xüsusilə sentyabrın 27-dən geniş miqyaslı yeni hərbi təcavüzə başladığı vurğulanıb. Radio dinləyicilərinə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları zamanı ilə mülki əhaliyə və yaşayış infrastrukturlarına qarşı raket hücumlarının həyata keçirilməsi nəticəsində çox sayda insanın, xüsusilə uşaq və qadınların həlak olduğu, yüzlərlə insanın yaralandığı barədə məlumat verilib.
Səfir C.Mirzəyev isə Qərbi Yava əyalətinin “Pasundan Ekspres” qəzetinin baş redaktoru Yusup Suparmana Ermənistan-Azərbaycan münaqişəsinə dair geniş müsahibə verib.
C.Mirzəyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, xüsusilə Ermənistan tərəfindən Azərbaycana qarşı cari ilin iyulunda baş vermiş hərbi təxribatlar və cari il sentyabrın 27-dən başlayan sonuncu hərbi təcavüzlə bağlı geniş məlumat verib. Ermənistan silahlı qüvvələrinin I Qarabağ müharibəsi zamanı qadın, uşaq, və yaşlı insanlara fərq qoymayaraq, qətliamlar törətdiyi, tarixi-dini abidələri dağıtdığı, hətta Azərbaycan xalqının hisslərini təhqir etmək məqsədilə, işğal olunmuş torpaqlarımızdakı müqəddəs məscidlərimizi tövlə kimi istifadə edərək orada donuz saxladıqları xüsusi vurğulanıb.
Mətbuat nümayəndələri ilə keçirilmiş görüşlər zamanı erməni silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı başladığı təcavüz nəticəsində dinc əhaliyə, habelə dini abidələrə qarşı həyata keçirilmiş raket hücumları barədə məlumatlar verilib və bunu əks etdirən əyani materiallar qarşı tərəfə təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta