CƏMİYYƏT


Azərbaycan regionlarının dünya əhəmiyyətli kənd təsərrüfatı irs sistemlərinin siyahısına daxil edilməsi benefisiarların öz məhsullarını ixrac etməsinə imkan verəcək

Bakı, 20 fevral, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihəsinin icrası nəticəsində Azərbaycanın Zaqatala, Qax və Balakən rayonları dünya əhəmiyyətli kənd təsərrüfatı irs sistemlərinin siyahısına (GIAHS) daxil ediləcək. Layihənin rəhbəri, FAO-nun əməkdaşı Yusuf Axundovun BMT Xəbərlər Xidmətinə müsahibəsi bu barədədir.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Layihənin əsas məqsədi nədən ibarətdir?

-Bu regionun fərqləndirici cəhəti orada etnik azlıqların - tsaxur, avar, gürcü və digər millətlərin nümayəndələrinin yığcam şəkildə yaşamasıdır. Onların hər birinin qida hazırlamaq ənənələri var. Bu ənənələrin kökləri əsrlərin dərinliyinə gedib çıxır və bizim vəzifəmiz qida məhsullarının yetişdirilməsi və qida hazırlanması ilə bağlı ənənəvi üsulları qoruyub saxlamaq, onları gələcək nəsillərə çatdırmaqdır.

Layihənin əsas məqsədi inklüziv və səmərəli ərzaq sistemləri yaradılması üçün biznes mühitini möhkəmləndirməkdir. Regionun qlobal əhəmiyyətli aqrar irs sistemlərinin siyahısına (GIAHS) daxil edilməsi üçün zəmin hazırlanması bu layihənin çox mühüm tərkib hissəsidir. GIAHS konsepsiyası landşaftın estetik gözəlliyi ilə kənd təsərrüfatının biomüxtəlifliyinin, həmçinin davamlı ekosistemlərin və qiymətli mədəni irsin birləşdirilməsi deməkdir.

İndiyə qədər dünyada 22 ölkənin 62 lokasiyası qeydiyyata alınıb. Azərbaycanın şimal-qərb regionu ölkəmizdə GIAHS siyahısına daxil edilmiş ilk region olacaq.

-FAO-nun dəstəyi nədən ibarətdir?

- Bu layihənin özünün təşkil edilməsi FAO-nun dəstəyi sayəsində mümkün olub. İlk növbədə, əlavə dəyər zəncirləri genişlənir. Biz altı məhsula xüsusi diqqət yetiririk: xurmadan hazırlanan bəkməz Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsulları arasında pomidor və fındıqdan sonra üçüncü yeri tutur; qurudulmuş xurma – çox geniş yayılmış ənənəvi quru meyvə; qoz mürəbbəsi - Zaqatala rayonu qoz bağlarının sahəsinə görə (500 hektardan çox) Azərbaycanda birinci yeri tutur; qurudulmuş ət və ya qaxac - Azərbaycanın şimal-qərb rayonları üçün ənənəvi xörəklər olan, xəmir, ət və ədviyyatlardan hazırlanan sürhüllü və xəngəl kimi yeməklərin əsas inqrediyenti; Qafqaz boz arılarının balı – həm yerli, həm də beynəlxalq bazarlarda çox yüksək qiymətləndirilir; fındıq yağı və halva - yüksək keyfiyyətli fındığı ilə ad çıxarmış bu regionun ənənəvi ləziz yeməkləri.

Layihənin digər istiqaməti özəl biznesin idarə edilməsi sahəsində icmaların potensialının inkişaf etdirilməsidir: biznes-planların tərtib edilməsi, kooperativlərin yaradılması, brendinq, bazarlara çıxış.

Biz qida məhsullarının təhlükəsizliyi sahəsində, o cümlədən qida texnologiyasına və sertifikatlaşdırmaya aid müxtəlif biznes-treninqlər keçiririk. Məhsullarımızı müxtəlif şəbəkələrdə rəsmən sata bilmək üçün əsas şərtlərdən biri həmin məhsullara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatının verilməsidir. Biz öz benefisiarlarımıza yeməklərin necə hazırlanmasını, habelə hazır məhsulun və qida hazırlanması üçün xammalın necə saxlanmalı olmasını öyrədirik.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına və bu məhsulları emal edənlərə kömək məqsədilə yerli innovasiyalı konsaltinq platformalarının yaradılması da layihənin istiqamətlərindən biridir.

-Bu layihənin reallaşdırılması nəticəsində yerli əhali hansı üstünlüklər əldə edəcək?

-Kənd yerlərində istehsal edilən məhsulun keyfiyyətinin artırılması benefisiarların həmin məhsulları daha geniş arealda satmasına, ola bilsin, bu məhsulları ixrac etmələrinə imkan yaradacaq. Benefisiarlar öz məhsullarını ticarət şəbəkələrində, otellər, restoranlar və kafelər şəbəkələrində satmaq imkanı əldə edəcək.

Aqroturizm sahəsində pilot layihələrin dəstəklənməsini də qeyd etməliyik. Bu istiqamətin məqsədi aqroturizm ilə yerli ənənəvi qida məhsulları istehsalçılarını əlaqələndirməkdir. Hazırda regionda aqroturizm turları təşkil edən bəzi sahibkarlar var, lakin bir konsepsiya kimi aqroturizm Azərbaycanda hələlik zəif inkişaf edib. Halbuki aqroturizm üçün çox böyük potensial var, çünki Azərbaycan ənənəvi aqrar ölkədir, burada kənd təsərrüfatı ilə bağlı çox qədim ənənələr var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.