ELM VƏ TƏHSİL
Azərbaycan rəqslərinin musiqi tərtibatını əks etdirən kompakt disklərin təqdimatı olub
Bakı, 23 may, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil müəssisəsinin konsertmeysteri, fortepiano ifaçılıq sənəti məktəbinin nümayəndəsi, pedaqoq Sevda Axundovanın ölkəmizdə xoreoqrafiya sahəsində ilk dəfə olaraq klassik, xalq-səhnə və Azərbaycan rəqslərinin musiqi tərtibatını əks etdirən kompakt disklərinin təqdimatı və sinif konserti keçirilib.
Bu barədə AZƏRTAC-a BXA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə BXA-nın rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə Azərbaycan rəqslərinin musiqi tərtibatını əks etdirən kompakt disklərinin təqdimatının mədəniyyətimizdə əlamətdar hadisə olduğunu vurğulayıb, Sevda Axundovanın bu təşəbbüsündən xoreoqrafiya sənətində çalışan hər bir kəsin bəhrələnəcəyini söyləyib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti Gülnar Verdiyeva, BXA-nın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, Əməkdar incəsənət xadimi Rimma Məmmədova Sevda Axundovanın yüksək mənəvi keyfiyyətlərindən söz açıb, onun Azərbaycan xoreoqrafiya təhsili tarixində etdiyi yeniliyi alqışlayaraq gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin şagirdləri və bakalavr pilləsi üzrə təhsil alan tələbələrinin ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri təqdim olunub. P.Çaykovskinin “Şelkunçik” baletindən variasiya, F.Əmirovun “Tokkato”, Zərbi muğam “Heyratı”, A.Skryabinin “Etüd”, Əzizə Mustafazadənin “Əks-səda”, Q.Qarayevin simfonik qravürlərindən “Səyahət”, C.Hacıyevin “Ballada” və Sevda Axundovanın müəllifliyi ilə xalq rəqsləri üzərində tərtib edilmiş rəqs variasiyaları, fortepianoda özünün müşayiəti altında təqdim edilən musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda Sevda Axundovanın kompakt diskləri BXA-nın əməkdaşlarına və qonaqlara hədiyyə edilib.
Təqdimat mərasimində BXA-nın xarici əlaqələr üzrə prorektoru Təranə Muradova, orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Teymurova, ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Kamilə Dadaşzadə, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.