İQTİSADİYYAT
Azərbaycan rezidenti Gürcüstanda törəmə müəssisə yaratdıqda əldə etdiyi dividendlərdən vergi ödəməlidir
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanda qeydiyyatda olan (Azərbaycan rezidenti) MMC təsisçi hüquqi şəxs qismində Gürcüstan Azad Ticarət Zonasında bir törəmə müəssisə (tam sərbəst) yaratdığı halda, orada əldə etdiyi dividendlərdən Azərbaycanda da vergi ödəməlidirmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının rezidenti olan müəssisənin Gürcüstanın Azad Ticarət Zonasında törəmə müəssisə yaratmağında hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Törəmə müəssisə tərəfindən ölkədə yerləşən təsisçi müəssisəyə ödənilən dividendlərdən vergi tutulması Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiyanın 10-cu (Dividendlər) və 23-cü (İkiqat vergitutmanın aradan qaldırılması) maddələri ilə tənzimlənir. Həmin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, şirkət tərəfindən ödənilən bu dividendlər, həmçinin onun rezidenti olduğu Gürcüstan qanunvericiliyinə uyğun surətdə vergiyə cəlb oluna bilər, lakin dividendi alan dividendlərin faktiki sahibidirsə, bu zaman tutulan vergi, dividendlərin ümumi məbləğinin 10 faizindən yüksək olmamalıdır.
Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər Azərbaycan Respublikasının rezidenti bu Konvensiyanın müddəalarına əsasən, Gürcüstanda vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə, yaxud əmlaka görə Gürcüstanda ödədiyi verginin məbləği bu rezidentdən Azərbaycanda həmin gəlirlərlə əlaqədar tutulan verginin məbləğindən çıxılmalıdır. Lakin çıxılan məbləğ Azərbaycanın vergi qanunvericiliyinə uyğun olaraq bu cür gəlirə, yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.