İDMAN
Azərbaycan şahmatçılarının Batumi Olimpiadasında mübarizəsi başa çatıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında iştiraklarını başa vurublar.
AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də sonuncu – XI turda Azərbaycanın kişilərdən ibarət komandası Serbiya yığmasına 4:0 hesabı ilə qalib gəlib. Görüşdə Teymur Rəcəbov Duşan Papoviçdən, Arkadi Naydiç Miloş Roqanoviçdən, Rauf Məmmədov Marko Neneziçdən, Eltac Səfərli isə Velimir İviçdən üstün olub.
Qadın şahmatçılarımız isə Vyetnam komandası ilə heç-heçə ediblər – 2:2. Şahmatçılarımızdan Günay Məmmədzadə Ti Kim Punq Voya qalib gəlib. Zeynəb Məmmədyarova Le Tao Nquen Fam, Gülnar Məmmədova isə Ti Bao Tram Hoanqla xalı yarı bölüb. Ülviyyə Fətəliyeva isə Ti Mao Hunq Nquenə məğlub olub.
Milli komandalarımızın olimpiadada mövqeyi digər qarşılaşmalar başa çatdıqdan sonra bilinəcək.