İDMAN
Azərbaycan şahmatçısı 18-ci Beynəlxalq “Voronej-2014” festivalında – Alyoxin Memorialında iştirak edir
Bakı, 11 iyun (AZƏRTAC). 18-ci Beynəlxalq “Voronej-2014” festivalı – Alyoxin Memorialı Azərbaycan şahmatçısı Elmar Qasımovun iştirak etdiyi Fişer şahmatı turniri ilə başlanmışdır. Fişer şahmatı turniri 48 şahmatçının, o cümlədən səkkiz qrossmeysterin iştirakı ilə İsveçrə sistemi üzrə 7 turda keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günü, iyunun 11-də rapid turniri də keçiriləcəkdir. Partiyalar İsveçrə sistemi üzrə 7 turda keçiriləcəkdir. İyunun 12-dən 21-dək şahmatçılar Master-opendə – Rusiya Kuboku və Fide-open mərhələsində, klassika üzrə (İsveçrə sistemi, 9 tur) oynayacaqlar. İyunun 17-də isə blits-turnir üzrə (İsveçrə sistemi, 11 tur) qaliblər müəyyənləşəcəkdir. İyunun 13-dən 19-dək sağlamlıq imkanları məhdud olan şəxslər üçün “Ümid yelkəni” turniri keçiriləcəkdir. Turnirdə şahmatçılar İsveçrə sistemi üzrə 7 turda oynayacaqlar.
129 oyunçu, o cümlədən 27 qrossmeyster Master-opendə iştirak etmək istədiyini bildirmişdir.
Rapid turnirində isə (İsveçrə üsulu, 9 tur, hər partiya üçün 15 dəqiqə + hər gediş üçün 2 saniyə) 90 şahmatçı, o cümlədən 16 qrossmeyster iştirak etmək istədiyini bildirmişdir.
Bütün turnirlərdə Azərbaycan idmanının şərəfini Elmar Qasımov qoruyacaqdır.