SİYASƏT
Azərbaycan səfiri Finlandiyanın Lapland Universitetində ölkəmizlə bağlı mühazirə oxumuşdur
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Azərbaycanın İsveçdə, Norveçdə və Finlandiyadakı səfiri Rafael İbrahimov Finlandiyanın Şimal bölgəsinin Lapland vilayətinin paytaxtı Rovaniemi şəhərindəki Lapland Universitetində “Azərbaycan bu gün” (“Azerbaijan Today”) mövzusunda mühazirə ilə çıxış etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbiri açan universitetin rektoru, professor Mauri Yla-Kotola 1979-cu ildə təsis edilmiş və 5,5 min tələbəsi olan təhsil ocağının tarixində Azərbaycan səfirinin mühazirəsinin ilk dəfə dinlənilməsini xüsusi vurğulamışdır.
Bir saat davam edən mühazirədə səfir R.İbrahimov 1992-ci il fevralın 26-da erməni terrorçularının keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində azərbaycanlı dinc sakinlərə qarşı soyqırımı həyata keçirdikləri barədə ətraflı məlumat vermiş, faciənin 21-ci ildönümü ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu vurğulamışdır. Diplomat Pakistan, Kolumbiya, Meksika parlamentlərinin, İslam Əməkdaşlıq Təşkilatının, ABŞ-ın bəzi ştatlarının bu faciəni soyqırımı kimi tanıdıqlarını bildirmişdir.
R.İbrahimov xüsusilə qeyd etmişdir ki, bu faciəni törətmiş erməni terrorçularının irimiqyaslı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmişdir. Səfir, həmçinin etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Məruzədə Azərbaycanın tarixindən, zəngin mədəni irsindən, hazırkı sürətli iqtisadi inkişafından da geniş söhbət açılmışdır. Bu il həm Azərbaycanda, həm də yaxın və uzaq xarici dövlətlərdə 90 illik yubileyi böyük təntənə ilə keçiriləcək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra ölkəmizin vətəndaş müharibəsindən qurtulması, məhz ulu öndər tərəfindən aparılan islahatlar nəticəsində respublikamızın iqtisadiyyatının bərpa olunması və inkişaf etdiyi xüsusi vurğulanmışdır.
Səfir eyni zamanda, son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tarazlaşdırılmış, müdrik daxili və xarici siyasət nəticəsində əldə edilmiş iqtisadi nailiyyətlər, dinamik inkişaf əsasında daimi sosial bazanın yaradılması haqqında da məlumat vermişdir.
Mühazirədən sonra R.İbrahimov iştirakçıların çoxsaylı suallarına cavab vermişdir.
Tədbirdə universitetin rektoru, professor-müəllim heyəti, Qərbi və Şərqi Avropadan, ABŞ-dan olan tələbələr, politoloqlar, tarixçilər, şərqşünaslar və yerli KİV-lərin nümayəndələri olmaqla, ümumilikdə 60-dək adam iştirak etmişdir.
Bundan əlavə, səfir R.İbrahimov universitetin kitabxanasına Azərbaycana dair ingilis dilində çapdan çıxmış kitablar toplusunu təqdim etmişdir. Həmin topluda İsveç tarixşünası və şərqşünası Svante Kornelin “Azərbaycan müstəqillikdən sonra” (Azerbaijan since independence) kitabı da yer almışdır.
Tədbirin təşkilində Finlandiyada fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti diaspor təşkilatının sədri Təranə Nəzərova fəal iştirak etmişdir.